Gənclər sahəsində fəaliyyət göstərən təlimçilər üçün
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən yaradılan Təlimçilər Platforması peşəkar təlimçiləri bir araya gətirən, onları ictimaiyyətə tanıdan və gənclərin inkişafına töhfə verən innovativ bir öyrənmə mühitidir. Platforma çərçivəsində təlimçilərə sertifikatlaşdırma imkanı təqdim olunacaq, onların bilik və təcrübələrini paylaşması üçün vahid bir şəbəkə formalaşdırılacaq.
Bununla yanaşı, platforma geniş e-bloq və kitabxana funksiyası ilə təlim materiallarının (video və PDF formatında) yüklənməsinə şərait yaradaraq, gənclərin istənilən vaxt faydalana biləcəyi bilik bazasını təqdim edəcək. Əsas məqsəd gənclərin şəxsi və peşəkar inkişafına dəstək olmaq, onların öyrənmə imkanlarını genişləndirmək və təlimçilərin təcrübəsini daha əlçatan etməkdir.
Təlimçilər platforması gənclərlə iş sahəsində təlimçilərin inkişafını dəstəkləyən və onların fəaliyyətini sistemləşdirən vahid bir ekosistem yaradır. Platforma aşağıdakı imkanları təqdim edir:
- Təlimçilərin və namizədlərin məlumat bazasının formalaşdırılması - Təlimçilər və təlimçi olmaq istəyən şəxslərin vahid elektron bazada qeydiyyata alınması və sistemləşdirilməsi.
- Təlim mövzularının və metodiki vəsaitlərin hazırlanması - Müxtəlif sahələr üzrə təlim proqramlarının, metodiki materialların və resursların işlənib hazırlanması və bu istiqamətdə fəaliyyətlərin təşviq edilməsi.
- Sertifikatlaşdırma və peşəkar inkişaf - Təlimçilərin fəaliyyətini gücləndirmək üçün onların sertifikatlaşdırılması və keyfiyyətin artırılması məqsədilə dəstək mexanizmlərinin tətbiqi.
- Beynəlxalq təcrübə mübadiləsi və təlim səfərləri - Təlimçilərin gənclərlə iş sahəsində mübadilə proqramlarına və beynəlxalq təlimlərə cəlb olunmasına dəstək verilməsi.
- Birbaşa əlaqə və əməkdaşlıq imkanları - Gənclər və İdman Nazirliyinin rəsmi saytında yerləşdirilən xüsusi bölmə vasitəsilə təlimçilərlə layihə icraçıları və donorlar arasında əməkdaşlıq imkanlarının yaradılması.
Bu yanaşma platformanın davamlı inkişafını və təlimçilərin fəaliyyətinin effektiv koordinasiyasını təmin edəcəkdir.