Azərbaycan gəncliyi Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla milli birliyimizi, qürurumuzu və vətənpərvərliyimizi bütün dünyaya nümayiş etdirib. Şuşanın zirvələrini fəth edən gənc əsgərlərimiz təkcə Azərbaycan bayrağını deyil, xalqımızın milli kimliyini və dəyərlərini də o zirvələrə daşıyıblar.
Bu fikirləri Xankəndi şəhərində keçirilən “Zəfər nəsli” gənclər düşərgəsində Qarabağ müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçusu Cavid Həsənov qeyd edib.
O bildirib ki, gənclərin əsas vəzifəsi əldə olunan Zəfəri qorumaq və onu müxtəlif sahələrdə, o cümlədən idmanda beynəlxalq arenalarda layiqincə təmsil etməkdir. C.Həsənov vurğulayıb ki, Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı təkcə torpaqlarını deyil, həm də incəsənətini, tarixini və milli-mənəvi dəyərlərini işğaldan azad edib. Qazi gənclərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Vətənin müdafiəsinə hər zaman hazır olduqlarını nümayiş etdirdiklərini bildirib.