Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Sosial proqramlar sektorunun müdiri vəzifəsini icra edən Nərmin Cahangirova və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış ediblər.
“Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin əməkdaşı Tural Hüseynzadə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Hüquq şöbəsinin əməkdaşı Nurlan Səfərov, eləcə də Vəkillər Kollegiyasının üzvü Aydan Rəhimli ekspert qismində çıxış ediblər. İkigünlük təlim proqramı “BMT-nin Uşaq Hüquqları Konvensiyası və Milli Qanunvericilik”, “Uşaqların rəqəmsal hüquqları və süni intellekt”, “Son illərdə Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Ailə Məcəlləsində uşaqlara dair edilmiş dəyişikliklər”, “Uşaqlara qarşı zorakılıq, məişət zorakılığı və erkən evliliyin fəsadları”, eləcə də “Gender həssaslığı və uşaq hüquqlarının müdafiəsi mexanizmləri” kimi aktual mövzuları əhatə edib.