Düşərgədə 13 regiondan olan 60 nəfər gənc üçün süni intellektin praktiki tətbiqinə həsr olunmuş  təlimlər keçirilib.

Milli Süni İntellekt Mərkəzinin mentorları tərəfindən keçirilən təlimlərdə süni intellekt vasitəsilə vizual və video məzmunun hazırlanması, effektiv promptların formalaşdırılması, ssenari planlaşdırılması, eləcə də süni intellektin əsas iş prinsipləri, imkanları və məhdudiyyətləri əhatə olunub. İştirakçılar həmçinin korporativ süni intellekt həllərinin biznes proseslərinə inteqrasiyası, məlumatların etibarlılığının yoxlanılması, informasiya təhlükəsizliyi və məxfiliyin qorunması üzrə praktiki yanaşmalarla tanış olublar.

İnteraktiv sessiyalar və praktiki tapşırıqlar gənclərin əldə etdikləri bilikləri real tətbiq imkanları ilə əlaqələndirməsinə, rəqəmsal bacarıqlarını gücləndirməsinə və süni intellekt texnologiyalarından məsuliyyətli istifadə üzrə bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb.

Düşərgənin sonunda bütün iştirakçılar və təlimlərdə fərqlənən gənclər sertifikatlarla təltif olunublar.