Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə görüşüb. Görüş zamanı ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin inkişafı, onların potensialının reallaşdırılması istiqamətində görülən işlər və yaradılan imkanlar barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində nümayəndə heyəti Bakı Şəhər Gənclər və İdman İdarəsində, eləcə də Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində təşkil olunan görüşlərdə iştirak edib. Qonaqlar, həmçinin Bakı Gənclər Mərkəzində və “SABAH.city” innovasiya şəhərciyində olub, gənclər üçün yaradılan şərait, həyata keçirilən təşəbbüs və layihələrlə tanış olublar.
Səfər proqramına Qarabağ bölgəsinə ziyarət də daxil edilib. Nümayəndə heyəti Füzuli rayonunda Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olub, Şuşa şəhərinin tarixi və mədəni irs nümunələri ilə tanış olub, Xankəndi şəhərində isə Qarabağ Universitetini və Zəfər parkını ziyarət edib.
Qarabağ səfəri zamanı nümayəndə heyətinə bölgədə həyata keçirilən bərpa və quruculuq işləri, eləcə də gənclərin təhsil alması, inkişafı və müxtəlif təşəbbüslərdə iştirakı üçün yaradılan imkanlar barədə məlumat verilib.