İstanbul şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə keçirilən proqramın əsas məqsədi asılılıqların qarşısının alınması istiqamətində maarifləndirmə fəaliyyətlərinin səmərəli təşkili, gənclərlə işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılması və qabaqcıl təcrübənin öyrənilməsi olub.

Açılış mərasimində Türkiyə Yeşilay Cəmiyyətinin sədri dosent Dr. Mehmet Dinç, Gənclər və İdman Nazirliyinin nümayəndələri Mahmud Məmmədzadə və Zeynəddin Azaqov, Gənclər evlərinin psixoloqları, sahə üzrə ixtisaslı gənclər təşkilatlarının nümayəndələri və gənc psixoloqlar iştirak edib. 

Bakı şəhərində təşkil edilən I mərhələ çərçivəsində təlim keçmiş iştirakçılar tərəfindən ümumilikdə 5 725 gəncə müvafiq istiqamətlər üzrə təlimlər keçirilib.

Təlimlərdə TBM proqramı üzrə superviziya, həyat bacarıqları, oyun və enerjivericilərin təşkili, asılılıqlara qarşı mübarizədə valideynlərin rolu, eləcə də bu sahənin nəzəri və praktik aspektləri müzakirə edilib.

Proqram çərçivəsində iştirakçılar Yeşilay Danışmanlıq Mərkəzinin (YEDAM) Ümraniyə şöbəsinə də baş çəkərək mərkəzin fəaliyyəti, iş prinsipləri və göstərdiyi xidmətlərlə tanış olublar.

Təlim proqramında “Gənclər evi” sosial xidmət müəssisələrinin psixoloqları və gənclərlə iş sahəsində fəaliyyət göstərən mütəxəssislər olmaqla, ümumilikdə 25 nəfər iştirak edib.

Proqramın yekununda iştirakçılara Türkiyə Yeşilay Cəmiyyəti tərəfindən sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.