Sentyabrın 22-də Mingəçevir Gənclər evində Mərkəzi Aran, Gəncə Gənclər evində isə Gəncə-Daşkəsən regionları üzrə seçim mərhələləri keçirilib. Mərkəzi Aran regionu üzrə “Qarabağ”, Mingəçevir Dövlət Universitetinin “4TEA5” və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının “Aethel” komandaları ilk üç yeri tutub. Gəncə-Daşkəsən regionu üzrə isə Azərbaycan Dövlət Aqrar Universitetinin “ADAU I”, Gəncə Dövlət Universitetinin “Kvin Piks” və Azərbaycan Texnologiya Universitetinin “Ehtimal Nəzəriyyəsi” komandaları ilk üçlükdə qərarlaşıblar.
Sentyabrın 23-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası, sentyabrın 24-də isə Lənkəran Dövlət Universitetində Lənkəran-Astara regionu üzrə seçim mərhələləri keçirilib. Naxçıvan Muxtar Respublikası üzrə “TAİGETE”, “ENAMEL” və “404”, Lənkəran-Astara regionu üzrə isə “Nova Civitas”, “Dinamo” və “The Big Bang” komandaları ilk üç yeri tutublar.
25 sentyabr 2026-cı il tarixində Azərbaycan İdman Akademiyasında keçirilən yarımfinal mərhələsində Bakı şəhərindən 37, regionlardan isə 15 komanda olmaqla, ümumilikdə 52 komanda iştirak edib. Yarımfinal mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə “Old School” (Azərbaycan Tibb Universiteti), “5,56” (Azərbaycan Dövlət İqtisad Universiteti) və “Vastator” (Azərbaycan Tibb Universiteti) komandaları, regionlar üzrə isə “TAİGETE” (Naxçıvan Muxtar Respublikası), “Qarabağ” (Qarabağ Universiteti) və “ADAU” (Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə şəhəri) komandaları final mərhələsinə vəsiqə qazanıb.
Beləliklə, 30 sentyabr 2026-cı il tarixində Tərtər rayonunda keçiriləcək final mərhələsində 6 komanda mübarizə aparacaq.
Seçim mərhələlərinin keçirilməsinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən dəstək göstərilib.