İyulun 29-da Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Astana şəhərində səfərdə olub. Nazir burada fəaliyyət göstərən “Alem.AI” Beynəlxalq Süni İntellekt Mərkəzində keçirilən “Phygital Sports Summit Astana 2026” beynəlxalq idman sammitində iştirak edib. Sammit çərçivəsində Fərid Qayıbov “Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik” mövzusunda keçirilən sessiyada çıxış edib. Tədbirdən sonra iştirakçılar “Gələcəyin oyunları”nın rəsmi açılış mərasimini izləyiblər. Açılış mərasimində Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri də iştirak ediblər.
Ziyarət zamanı Azərbaycanın hazırda sədrlik etdiyi AQEM (CICA) Gənclər Şurası çərçivəsində son iki il ərzində ölkəmizdə təşkil olunan tədbirlərdə könüllü kimi fəal iştirak etmiş və fərqlənmiş gənclərlə görüş keçirilib. Görüşdə gənclərə AQEM Katibliyinin fəaliyyəti, təşkilatın əsas istiqamətləri və beynəlxalq təşkilatlarda karyera imkanları barədə ətraflı məlumat verilib. Nazir Fərid Qayıbov həmçinin AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb. Görüşdə AQEM ilə gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.