Gün ərzində 10 mindən çox gəncin iştirak etdiyi festival çərçivəsində geniş konsert proqramı, stolüstü oyunlar, müxtəlif intellektual yarışlar və əyləncəli fəaliyyətlər təşkil olunub.
Festivalın konsert proqramında MadTeen, Zabitə Alıyeva, Nərmin Kərimbəyova, Çinarə Məlikzadə, Nuran, Kərim Abbasov və Ema sevilən mahnılarını səsləndiriblər. “RELAX Band” qrupu Azərbaycan və dünya musiqilərindən ibarət kompozisiyalarla, Bakı İctimai Xoru isə musiqi nömrələri ilə çıxış edib.
Bununla yanaşı, “RASSA” rəqs qrupu rəqs kompozisiyalarını, Şuşa Humanitar Kollecinin müəllim və tələbələrindən ibarət “Xarıbülbül” ansamblı musiqi və ifa nümunələrini təqdim edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin tələbələri də ifaları ilə festivalın bədii proqramında yer alıblar.