Ucar şəhərinin Heydər Əliyev Parkında baş tutan festivalda yerli düyü sortları, fermerlərin istehsal etdikləri məhsullar təqdim olunub, kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edən sərgi və nümayişlər təşkil olunub.
 
Gənclər və idman naziri Fərid Qayıbov festivalda iştirak edən Gənclər evlərinin stendləri ilə tanış olub, gənclərlə söhbət edib.
 
Gənclər evlərindən ümumilikdə 744 nəfər gəncin iştirak etdiyi festivalda 21 bədii çıxış təqdim olunub, 34 Gənclər evi 17 çadırda təmsil olunub.
 
Tədbir boyunca gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə musiqi və rəqs proqramları, milli dəyərlər və vətənpərvərlik mövzularını əhatə edən intellektual yarışlar, eləcə də stolüstü oyunlar təşkil edilib. Həmçinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının gənc aşpazları tərəfindən festival iştirakçılarına milli mətbəximizin nümunələri təqdim olunub.