Açılış mərasimində milli rəqs nümunələri nümayiş etdirilib, xalq musiqiləri səsləndirilib, həmçinin iştirakçılar üçün milli-mənəvi dəyərlərimizin təbliğinə həsr olunmuş proqram təqdim edilib.
Düşərgə müddətində “Başmaqçılıq və araqçın hazırlanması” sənəti, “Ebru sənəti – su üzərində milli naxışlar”, dulusçuluq, qədim şəbəkə sənəti, şüşə və kətan çantalar üzərində milli ornamentlərin işlənməsi üzrə ustad dərsləri təşkil olunub. Bununla yanaşı, “Erkən evlilik və onun fəsadları”, “Sağlam gənclik narkomaniyaya yox deyir” və “Azərbaycan dilinin qorunması və inkişafında gənclərin rolu” mövzularında maarifləndirici seminar və görüşlər baş tutub.
İştirakçılar qədim sənət növlərinin hazırlanma texnikası, tarixi və tətbiq sahələri barədə ətraflı məlumat əldə edib, praktiki məşğələlərdə fəal iştirak ediblər. Axşam proqramında isə gənclər üçün milli rəqslərin öyrənilməsinə həsr olunmuş master-klaslar təşkil olunub və iştirakçılar Azərbaycan rəqs mədəniyyətinin müxtəlif nümunələri ilə yaxından tanış olublar.