Quba Olimpiya İdman Kompleksində keçirilən düşərgə çərçivəsində gənclər üçün müxtəlif mövzularda seminarlar, ekspert görüşləri, simulyasiya oyunları və təlimlər təşkil olunub. Əlavə olaraq komanda formatında keçirilən idman yarışları, intellektual turnirlər, əyləncəli proqramlar və ocaq ətrafında təşkil edilən əyləncə proqramları gənclər arasında həmrəylik və dostluq mühitinin formalaşmasına şərait yaradıb.
Düşərgə müddətində “Konstitutsiya və Suverenlik: Hüquqi şüurun gücləndirilməsi” və “Narkomaniyaya qarşı ictimai-təhlil” mövzularında panel görüşlər keçirilib. Eyni zamanda təcrübəli təlimçilərin iştirakı ilə keçirilən motivasiyaedici sessiyalar gənclərdə milli kimlik, vətənpərvərlik və ictimai fəallıq mövzularında düşüncə və təşəbbüs yaratmağa yönəlib.