10 gün davam edən hər düşərgə çərçivəsində iştirakçılar üçün ümumilikdə 30 saatlıq təlim proqramı təşkil edilir. Təlimlər hər gün 3 saat olmaqla Bakı Gənclər Mərkəzi, həmçinin Binəqədi, Xəzər, Suraxanı, Qaradağ, Pirallahı və Sabunçu Gənclər Evi sosial xidmət müəssisələrinin təlimçiləri tərəfindən keçirilir. Sessiyalar komanda quruculuğu və liderlik bacarıqlarının inkişafı, sağlam həyat tərzinin təşviqi, insan hüquqları, ətraf mühitin mühafizəsi, şəbəkələşmə və digər mövzuları əhatə edir.
Təlimlərlə yanaşı, düşərgə proqramına səhər gimnastikası, idman yarışları, intellektual oyunlar, enercayzerlər, master-klaslar, rəsm və “face art” fəaliyyətləri, rəqs proqramları, müxtəlif müsabiqələr, eləcə də digər yaradıcılıq və əyləncə tədbirləri daxildir. 2026-cı ilin iyun–avqust aylarını əhatə edən yay düşərgələri altı növbə üzrə təşkil olunur. Hər növbədə 100 nəfərin iştirakı ilə ümumilikdə 600 uşaq və gəncin düşərgələrə cəlb edilməsi nəzərdə tutulub. İyulun 16-da başlayan üçüncü növbə bu gün başa çatıb. Yay mövsümünün sonunadək daha üç növbənin təşkili planlaşdırılır.