Gənclər və İdman Nazirliyi tərəfindən, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyununun ilk seçim mərhələsi keçirilib. Sentyabrın 21-də seçim mərhələsi eyni vaxtda iki regionda – Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarında təşkil olunub.
Sumqayıt Dövlət Universitetində keçirilən Abşeron-Xızı regionu üzrə seçim mərhələsində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən formalaşan 18 komanda, ümumilikdə 90 iştirakçı mübarizə aparıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, Sumqayıt Dövlət Universitetinin “Xarıbülbül” komandası birinci, Bakı Mühəndislik Universitetinin “The Boys” komandası ikinci, Sumqayıt Musiqi Kollecinin “Soprano” komandası isə üçüncü yerə layiq görülüblər.
Quba-Xaçmaz regionu üzrə seçim mərhələsində isə 5 komandadan 25 tələbə iştirak edib. Yekun nəticələrə əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “Promochos” komandası birinci, Quba Tibb Kollecinin komandası ikinci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “44” komandası isə üçüncü yerə layiq görülüblər.
Seçim mərhələlərində qalib gələn komandalar sentyabrın 25-də Bakı şəhərində keçiriləcək yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıblar.