Gürcüstan Respublikasının Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən təşkil olunan düşərgənin əsas məqsədi üç ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşviqi və gənclərin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Düşərgənin açılış mərasimində Gürcüstanın Təhsil, Elm və Gənclər nazirinin müavini Baia Kvitsiani və Gənclər Agentliyi rəhbərinin birinci müavini Tornike Şubitidze çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, bu kimi təşəbbüslərin üç ölkənin gəncləri arasında əlaqələrin və əməkdaşlığın daha da inkişafına töhfə verdiyini qeyd ediblər.

Azərbaycan düşərgədə Gənclət və İdman Nazirliyinin dəstəyi ilə gənclər evləri, gənclər təşkilatları, yaradıcı gənclər və könüllülərdən ibarət 15 nəfərlik heyətlə təmsil olunub.

Proqram çərçivəsində üç ölkənin gənclər siyasətinə dair sessiyalar, təlimlər və qrup işləri, mədəniyyət gecəsi, eləcə də Tbilisi, Sığnaği və Telavi şəhərlərinə ekskursiyalar təşkil olunub.