Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Gənclər Təşkilatları Milli Şurası, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi və “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Həyat bacarıqları” adlı inklüziv düşərgə keçirilib.
Düşərgə çərçivəsində psixoloq və mütəxəssislər tərəfindən riskli davranışların profilaktikası, zərərli vərdişlərin mənfi təsirləri, emosiyaların idarə olunması, çətinliklərlə mübarizə, həmyaşıd təzyiqinə qarşı dayanıqlılıq və düzgün qərarvermə bacarıqları mövzularında interaktiv təlimlər keçirilib.
Bununla yanaşı, iştirakçılar üçün şəxsi inkişaf, müstəqil həyata hazırlıq, karyera planlaşdırılması, CV hazırlanması, özünü təqdimetmə bacarıqları, inklüziv mühit və işarət dili üzrə praktiki sessiyalar təşkil olunub.
Qeyd edək ki, təlimlərlə yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkili və fiziki aktivliyinin artırılması məqsədilə səhər idmanı, müxtəlif komanda oyunları, film saatı, meditasiya məşqləri və axşam əyləncəli konsert proqramları da keçirilib.