Düşərgənin ilk günündə iştirakçılar Şəki şəhərinə səfər edərək Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Dörd gün davam edən düşərgə çərçivəsində iştirakçıların şəxsi və peşəkar inkişafına yönəlmiş müxtəlif təlim və görüşlər, həmçinin idman və intellektual yarışlar, yaradıcı və əyləncəli oyunlar təşkil olunub.
Proqram çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz İsmayılova, Əlizadə Fərzəliyev və Elnur Məmmədli, ikiqat Paralimpiya Oyunları çempionu, Azərbaycan paralimpiyaçısı, cüdoçu İlham Zəkiyev, Azərbaycan Milli Məclisinin deputatı, jurnalist və şair Elçin Mirzəbəyli, eləcə də digər tanınmış şəxslərlə görüşlər keçirilib.
Düşərgə proqramında milli-mədəni irsin təbliğinə və yaradıcı fəaliyyətlərə də xüsusi yer ayrılıb. “İrs Art” master-klasında iştirakçılar Azərbaycan xəritəsi üzərində ölkənin müxtəlif bölgələrinə xas milli-mədəni simvolları, tarixi abidələri, təbiət mənzərələrini və folklor elementlərini yaradıcı şəkildə əks etdiriblər.